Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

İNTERNET SƏHİFƏMİZƏ XOŞ GƏLMİSİNİZ

Naxçıvan Dövlət Xalça Muzeyi haqqında

Tarixi yaddaşın, etnomədəniyyət salnaməsinin, milli təfəkkür və mənəvi dəyər fəlsəfəsinin ehtiva olunduğu əvəzsiz nümunələrin ideal mühafizəsi  vacib şərtdir. 1998-ci ilin aprelindən fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyi də bu məqsədlə yaradılmışdır. Qala məhəlləsinin Xan dikində - 200 illik tarixə malik Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. Naxçıvanlılar, o cümlədən muzey əməkdaşları 1999-cu ildə bu mədəniyyət ocağına baş çəkən ulu öndər Heydər Əliyevin xeyir-duasını, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbovun tövsiyələrini unutmurlar.

Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib.

Naxçıvan və Ordubadın boyaqxanaları məşhur olub. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından, qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil), noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər uzaq ölkələrdən gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə zəy, duz kimi bərkidici maddələr əlavə edirdilər.

X əsrin ikinci yarısına aid "Hüdud Əl-Aləm" əsərində Naxçıvanın zili və xalçaları barədə ətraflı məlumata rast gəlmək olur. Təsadüfi deyil ki, "Azər-İlmə" xalçaçılıq şirkətinin əməkdaşlarının apardıqları tədqiqat nəticəsində Naxçıvanın 68 kəndindən 254 peşəkar toxucu haqqında informasiya əldə edilib.

Hazırda  Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 300-ü keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  109 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.

Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir.

Bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.

Naxçıvan xalçaçıları