Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Naxçıvan xalçalarının xarakteristikası

Naxçıvanın  zəngin təbiəti ta qədimdən bu torpaqlarda qoyunçuluq təsərrüfatı ilə məşğul olmağa şərait yaratmışdır. Yerli əhalinin həyatında əhəmiyyətli rol oynayan qoyun gözəl yunu ilə el sənətinin ən zəngin növlərindən olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynamışdır.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da xalçalar öz bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir.

Dağlıq rayonlarda zili və şəddə toxunuşlu at, dəvə çulu, məfrəş, xurcun, heybə, duzqabı, qaşıqdan kimi məişət əşyaları çox istifadə olunmuşdur.

Naxçıvanda kilimlər məişətdə çox geniş istifadə olunmuşdur. Naxçıvan kilimləri istər rənginə, istərsə də bədii xüsusiyyətinə görə Qarabağ kilimlərinə çox oxşasa da, bəzi özünəməxsusluqları ilə fərqlənirlər.

Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri şəddə və vərniyə nisbətən daha çox təkmilləşmişdir.

Keçəçilik Şahbuz və Şərurun kəndlərində tarixən inkişaf etmiş sənət sahələrindən biri olmuşdur.

Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıqların və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsində, bəzədilməsində, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, qapılıq, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları üçün geniş istifadə edilmişdir.

Naxçıvanda xovlu xalçalara nisbətən xovsuz xalçalar daha çox toxunmuşdur. Xovsuz xalçalar xalça sənətinin ilk inkişaf dövrünü təşkil edir. Bu xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən qurulmuşdur. Bu xalçalarda təsvir edilən bəzək elementlərinə arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid saxsı qabların, daş və metal alətlərin, müxtəlif bəzək əşyalarının üzərində də təsadüf edilir.

Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış çərxi-fələk (dördünsür) təsvirinə e.ə. II-I minilliklərə aid maddi-mədəniyyət abidələri üzərində də təsadüf edilir. Çərxi-fələk adətən iri ölçülü medalyonların mərkəzində təsvir olunur. “Çələbi” kompozisiyalı Naxçıvan xalçalarında da bu elementə rast gəlinir. Naxçıvan xalçaları rəng baxımından digər bölgələrin xalçalarından xeyli fərqlidir. Açıq və tünd rənglərin təzadı Naxçıvan xalçalarına xüsusi ahəngdarlıq bəxş edir.

Naxçıvanda hələ qədim zamanlardan boyaqxanalar fəaliyyət göstərmişdir. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından; qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil); noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından; sürməyi və göy rənglər xaricdən gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə zəy, duz, mal sidiyi kimi bərkidici maddələr əlavə edirdilər.

Bu xalçalar Azərbaycanın əksər bölgələrində olduğu kimi, gördəst (türkbaf) üsulu ilə toxunur. Bu qrupun xovlu xalçalarında ilmə sıxlığı bir kv.dm-də 30x32, 35x37, 30x38, 25x28, 25x32, 40x45, 20x33, 30x44, 30x42-ə, xovsuz xalçalarda isə bir kv. dm-də 60x60, 100x100, 70x80, 70x70, 80x80, 60x80, 60x70-ə olur. Xovun hündürlüyü 6 mm-dən 10 mm-ə qədər dəyişir. Burada toxunan xalçalar əksər hallarda böyük ölçülü, uzunsov, bəzən isə kiçik ölçülüdür. Bu xalçaların sıxlığının orta və yaxud az olmasına baxmayaraq, onlar möhkəm, qalın və xeyli davamlı olur. Naxçıvanın orijinal naxış kompozisiyasına malik xalça və xalça məmulatları Azərbaycanda və dünyanın bir sıra digər ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Şəxsi kolleksiyalarda Naxçıvan şəhərindən 5, Babək rayonundan 5, Culfadan 5, Kəngərlidən 3, Ordubaddan 6, Sədərəkdən 4, Şahbuzdan 6, Şərurdan 10 xovlu və xovsuz xalça məmulatları saxlanılır. Apardığımız araşdırmalar nəticəsində MR-in 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar əldə edilmişdir. Buraya Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Sədərəkdən 8, Culfadan 37, Kəngərlidən 35, Ordubaddan 36 toxucu daxildir.

Bu gün Naxçıvanda, onun rayon və kəndlərində xalça sexləri fəaliyyət göstərir. Xalçaçılığın inkişafı məqsədi ilə tədris ocaqları yaradılıb. Yeni bina ilə təmin olunmuş Naxçıvan Dövlət Xalça muzeyi isə zəngin eksponatları ilə qonaqların ixtiyarına verilib. Burada Naxçıvan qrupuna aid çoxlu sayda əntiq xovlu və xovsuz xalça məmulatları saxlanılır.