Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Naxçıvanın tarixi

Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik milli dövlətçilik ənənələrinə malik türk-oğuz yurdu olan Naxçıvan diyarı əzəli və əbədi Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindəndir.

Naxçıvan ərazisində aşkar edilən daş və tunc dövrü abidələri, Gəmiqayada sərt qayalar üzərində iki minə qədər müxtəlif quruluşlu işarə və təsvirlər, öz sənətkarlıq xüsusiyyətləri ilə seçilən boyalı qablar mədəniyyəti, yüksək qədim şəhərsalma mədəniyyətinin izləri bu yurdun ilkin sivilizasiya beşiklərindən olduğunu təsdiq edir.

Aparılmış tədqiqatlar insanların Naxçıvan ərazisində son buzlaşma dövründən məskunlaşdığını və bu ərazinin uzun tarixi inkişaf yolu keçdiyini göstərir. Bu ərazidəki Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayan ibtidai insanlar Neolit dövründən başlayaraq I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri salmışlar. Gəmiqaya abidəsinin, Əshabi-Kəhf dini və tarixi-memarlıq kompleksinin olması bu ərazinin ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, ilkin şəhər mədəniyyəti də məhz bu ərazidə meydana gəlmiş, bölgənin iri yaşayış məskəni olan Naxçıvan beş min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır.

E.ə. IV-II minilliklərdə Naxçıvan ərazisində meydana gələn iri tayfa ittifaqları Azərbaycan xalqının soykökünün formalaşması prosesində mühüm rol oynamışlar. Bunlar başlıca olaraq türk mənşəli kaspi, kadusi və naxçı tayfa ittifaqları idi.      Naxçıvan diyarı Azərbaycanın ən qədim şəhər məskənlərindən biridir. Bu diyarın baş şəhəri olan Naxçıvan isə Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Beş min ildən artıq tarixə malik olan Naxçıvan şəhəri sonralar Azərbaycanın iqtisadi, siyası və mədəni mərkəzlərindən birinə çevrilmişdir.

Naxçıvan e.ə. IX əsrdən VII əsrin sonlarına qədər Azərbaycan Manna dövlətinin, sonra Atropatena dövlətinin tərkibində olmuşdur.

Antik dövrdə və eramızın ilk əsrlərində Naxçıvanda ictimai-iqtisadi və mədəni tərəqqi daha da sürətləndi. İlk orta əsrlərdə Naxçıvan Sasanilərin əlinə keçmiş və Sasani mərzbanlarının iqamətgahı burada yerləşmişdir. Burada Sasani şahları adından sikkələr zərb edilmişdir. Həmin dövrdə Naxçıvan şəhərində 30 minə qədər yaşayış evi və 150 min əhali olmuşdur.

VII əsrdə Cənubi Qafqazın digər regionları kimi Naxçıvan da ərəb xilafətinin işğalına məruz qalmışdır. Yadelli əsarətini qəbul etməyən Azərbaycan xalqı ərəblərin işğalçılıq siyasətinə qarşı azadlıq mübarizəsinə qalxdı. Babəkin başçılıq etdiyi azadlıq mübarizəsinin (816-837) əsas mərkəzlərindən biri də Naxçıvan oldu.

IX əsrin sonlarına doğru Ərəb xilafətinin zəifləməsi nəticəsində Naxçıvan torpaqları əvvəl Sacilər (879-930), sonra isə Salarilər (941-981) dövlətinin tərkibinə daxil olmuşdur. Əsrin sonlarına yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu “Naxçıvanşahlıq” meydana gəlir. Bu dövlət qurumu 80 ilə yaxın mövcud olmşdur.

1064-cü ildə Naxçıvana yiyələnmiş və burada özünə xüsusi iqamətgah tikdirmiş Səlcuq hökmdarı Alp Arslanın (1063-1072) oğlu Məlik şah və vəziri Nizam əl-mülk tərəfindən  əmirlik yaradılmışdır. Səlcuqların Azərbaycandakı canişini Naxçıvanda yerləşirdi.

Böyük Səlcuq imperiyasının süqutundan sonra Azərbaycan ərazisində əsası Eldəniz (1136-1175) tərəfindən qoyulan  Azərbaycan Atabəylər-Eldənizlər dövləti (1136-1225) yarandı. 1146-cı ildə ölkədəki vəziyyətdən istifadə edən Atabəy Eldəniz Naxçıvan vilayətini öz torpaqlarına birləşdirir və həmin dövrdən başlayaraq Naxçıvan şəhəri və onun vilayəti Eldəniz nəslinin irsi iqtasına çevrilir.

Monqolların yürüşü (1221) nəticəsində zəifləyən Atabəylər-Eldənizlər dövlətini Xarəzmşah Cəlaləddin aradan qaldırdı. Naxçıvan Xarəzmşahın əlinə keçdi. Bu, 1231-ci ilədək davam etdi. Monqolların ikinci yürüşü (1231-1239) ilə Azərbaycanda monqol ağalığı bərqərar oldu. XIII-XIV əsrlərdə Hülakülərin, çobanilərin, cəlairilərin nüfuz dairələrində olan Naxçıvan onların siyasi həyatında yaxından iştirak edir. Beşinci monqol ulusu Hülakülər dövləti yarandıqda (1256) Azərbaycan dövləti bu torpaqların tərkibinə daxil edildi.

Naxçıvan XIII-XIV əsrlərdəki tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etməkdə idi. Naxçıvanda görkəmli dövlət, elm və mədəniyyət xadimləri fəaliyyət göstərirdi. Əslən naxçıvanlı olan görkəmli mütəfəkkir Nəsirəddin Tusi dünyanın elm korifeyləri sırasında layiqli yer tutmuş dahi Azərbaycan alimi idi.

XV əsrdə Naxçıvan diyarı türk mənşəli Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuş, XVI əsrdə isə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu zaman Naxçıvan Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.

XVIII əsrin 30-cu illərində Nadir xan özünü şah elan etdi və bundan sonra Azərbaycanın bütün ərazisini, həmçinin Naxçıvanı vahid Azərbaycan vilayətində birləşdirdi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Naxçıvan faktiki olaraq müstəqil feodal - dövlətə - xanlığa çevrildi.

Naxçıvan xanlığının ərazisi indiki Naxçıvan Muxtar Respublikasının ərazisindən xeyli böyük olub, Dərələyəz və Zəngəzur torpaqlarının da çox hissəsini əhatə edirdi. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” adlanan uydurma inzibati əyalət yaradıldı. 1840-cı ilin aprelində çar hökuməti Zaqafqaziyada inzibati islahata dair qanun verdi. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna əsasən komendant üsul-idarəsi ləğv olundu və burada ümumi Rusiya inzibati sistemi tətbiq edildi.

1870-ci ildə İrəvan quberniyasının tərkibində əhalisinin, demək olar ki, hamısı azərbaycanlıdan ibarət olan Şərur-Dərələyəz qəzası təşkil edildi. Azərbaycanın tarixi əraziləri olan İrəvan, Naxçıvan, Göyçə mahalı, Şərur-Dərələyəz, Yeni Bəyazid əraziləri İrəvan quberniyasının tərkibində idi.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 1918-ci ilin iyununda Andranik Ozanyanın quldur dəstələri Naxçıvana basqın etdilər və dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. Qəhrəman türk generalı Kazım Qarabəkir paşanın qoşunları yerli əhali ilə birlikdə erməni cəlladlarını məğlub edib Naxçıvandan qovdular. 1918-ci ilin noyabrında paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Respublikası yaradıldı. Onun ərazisi 8,6 min kv.km, əhalisi isə 1 milyon nəfərə yaxın idi.

1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal edildi: Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. İyulun 28-də Naxçıvanda Sovet hakimiyyəti quruldu.

Naxçıvan və Zəngəzurun Ermənistan ərazisinə qatılması barədə Ermənistan hökuməti ilə sovet Rusiyası arasında razılaşma baş verdi. Bu, 1921-ci il oktyabrın 13-də Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və ona muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdur.

1923-cü ilin 16 iyunundan Naxçıvan SSR-in statusu azaldılaraq Naxçıvan Muxtar Diyarına çevrildi. Azərbaycan MİK 1923-cü il dekabrın 31-də Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi barədə qərar qəbul etdi. Zaqafqaziya MİK-in 1924-cü il yanvarın 8-də keçirilən I plenumu bu qərarı təsdiq etdi. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR-in hakimiyyət orqanları təşkil edildi.

1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-nin dekreti ilə Naxçıvan Muxtar Diyarı Naxçıvan MSSR-ə çevrildi. Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kv.km-ni əhatə edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qeyd etmişdir ki, bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha da dəhşətli, faciəli olubdur... Azərbaycan hakimiyyəti tərəfindən Naxçıvana qarşı ədalətsizliklər də olubdur... Naxçıvanın hüquqlarını daim məhdudlaşdırmaq istəyiblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda dinc əhaliyə divan tutmasından bir neçə saat əvvəl Naxçıvan erməni təcavüzkarlarının hücumuna məruz qaldı. Azərbaycan ilk şəhidlərini Naxçıvanda verdi. Kərki kəndi ermənilər tərəfindən işğal edildi. SSRİ rəhbərliyinin riyakar mövqe tutması səbəbindən xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti o zaman üçün misli-bərabəri olmayan cəsarətli bir qərar qəbul etdi – Naxçıvan MSSR-in SSRİ tərkibindən çıxdığını elan etdi! Moskvada isə 1990-cı il 20 yanvar qırğınına ilk düzgün siyasi qiyməti həmin faciənin səhəri günü ulu öndər Heydər Əliyev verdi.

Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana döndü. Ulu öndərin Naxçıvana qayıtması əhalinin çox böyük sevincinə və ruh yüksəkliyinə səbəb oldu və 1990-1993-cü illərdə Naxçıvanı ermənilərin işğal təhlükəsindən xilas etdi. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi dövlət bayrağı Naxçıvan MR-in Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il sentyabrın 3-də, özünün etirazlarına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevi sədr seçdi. Naxçıvanda sovet hakimiyyəti ləğv edildi.

Yeni, müstəqil Azərbaycanın qurulması prosesi Naxçıvanda uğurla davam etdirilirdi. Naxçıvan Muxtar Respublikası tarixin bu mürəkkəb sınaq çağında da Heydər Əliyev müdrikliyi və qətiyyəti sayəsində öz muxtariyyətini qoruyub saxlaya bildi. Və bu, sonralar 1998-ci il Konstitusiyasında təsbit olundu.

1993-cü ilin yayına doğru Naxçıvan möhkəm dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgəyə çevrildi. Elə buna görə də 1993-cü ilin iyun hadisələri zamanı bütün respublikanın diqqəti Naxçıvana yönəldi və xalqın tələbi ilə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Bakıya gəldi (9 iyun, 1993 ), respublikanın siyasi hakimiyyətində dəyişiklik baş verdi, vətəndaş müharibəsinin, separatçı qüvvələrin fəaliyyətinin qarşısı alındı, sabitlik və əmin-amanlıq yaradıldı, sosial-iqtisadi islahatların hazırlanması və həyata keçirilməsinə başlanıldı. Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə başçılıq etməyə başladıqdan sonra da Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin əsasını qoyduğu islahatlar uğurla davam etdirildi.

Naxçıvan MR Ali Məclisinin 1995-ci il dekabrın 16-da keçirilən ilk sessiyasında Ulu öndərin sədaqətli silahdaşı V.Y.Talıbov Naxçıvan MR Ali Məclisinin Sədri seçildi.

1998-ci ilin yanvarında Heydər Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsi müzakirə olunanda Heydər Əliyev demişdir: “Beləliklə, biz həm Azərbaycanın qanunvericiliyi sahəsində çox ciddi addım atırıq, həm də ki, bu məsələləri nizamlayırıq. Yəni müstəqil Azərbaycan dövlətinin, respublikasının tərkibində Naxçıvan Muxtar Respublikası böyük tarixi mərhələlərdən keçərək, nəhayət, özünə uyğun, özünəməxsus bir status, bir yer alacaqdır. Bu, bu gün üçün də, gələcək üçün də lazımdır”.

1998-ci il dekabrın 26-da Naxçıvan MR-in yeni Konstitusiyası hazırlandı və Milli Məclis tərəfindən təsdiq edildi.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, müasir dünyanın görkəmli dövlət xadimi İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin həyatında böyük tarixi hadisə oldu. 2003-2013-cü illərdə İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətə çevrildi. Prezident İlham Əliyev bütün ölkənin, o cümlədən Naxçıvan MR-in hərtərəfli inkişaf etdirilməsinə daim diqqət yetirmişdir.

Ümummilli liderin müəyyən etdiyi siyasi xətt və quruculuq strategiyası, İlham Əliyevin yeni islahatlar proqramı muxtar respublikada uğurla həyata keçirilir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ardıcıl və prinsipial dövlətçilik fəaliyyətini, onun başçılığı ilə həyata keçirilən böyük quruculuq işlərini xüsusilə qeyd etməliyik. Naxçıvan Muxtar Respublikası heç vaxt sosial-iqtisadi və mədəni inkişaf göstəricilərinə görə indiki səviyyədə olmamışdır.

Naxçıvan Muxtar Respublikası hazırda Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur və Kəngərli kimi yeddi inzibati rayonu əhatə edir. Muxtar Respublikada Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şərur şəhərləri, 8 qəsəbə və 206 kənd vardır.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son illərdə isə Muxtar Respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə, onları daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.

Naxçıvanın keçdiyi qədim və uzun tarixi inkişaf yolunun hər bir səhifəsi aydın sübut edir ki, bu diyar ən qədim zamanlardan türk yurdu kimi Azərbaycana məxsus olmuşdur, onun ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir.