Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Avropalı diplomatlar Naxçıvan şəhərinin tarixi abidələri ilə tanış olublar

Muxtar respublikada keçiriləcək “Avropa günləri” çərçivəsində sentyabrın 21-də qədim diyara gələn Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar.

Qonaqlar əvvəlcə Naxçıvan Dövlət Xalça Muzeyinə gəliblər. Məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazır­da muzeydə 3000-dən çox eksponat var ki, bunlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir.
Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində də olublar. Xan sarayında bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.
Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi və açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda böyük maraq oyadıb.
Naxçıvan Dövlət Rəsm Qalereyasına gələn qonaqlara bildirilib ki, 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300-dən çox əsəri nümayiş etdirilir. Azərbaycanın Xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən “Ulu öndər”, “Zərifə Əliyeva”, “21-ci əsr – Heydər Əliyev” əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır.
Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların marağına səbəb olub. 
Diplomatlar Naxçıvan Duz Muzeyini də ziyarət ediblər. Məlumat verilib ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları ilə bağlı qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti ­İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.
Qeyd olunub ki, muzeydəki daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Qonaqlar Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçıvan filialı ilə də tanış olublar.
Avropalı diplomatlar “Şərq qapısı” qəzetinə müsahibələrində Naxçıvanın tarixi abidələri və mədəniyyət müəssisələrinin onlarda zəngin təəssürat yaratdığını qeyd etdilər. Bu barədə söhbət etdiyimiz Danimarkanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq dedi: – Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərimdir. Əvvəlcə onu qeyd edim ki, Naxçıvan şəhəri çox təmiz şəhərdir. Bu, Beynəlxalq Ha­­va Limanından başlayaraq diqqətimi cəlb etdi. 
Naxçıvan şəhərində ilk ziyarət etdiyimiz ünvan olan Xalça Muzeyindəki çoxsaylı qədim xalçaçılıq sənətinin bənzərsiz nümunələri də məndə xüsusi maraq oyatdı. Naxçıvanda qədim dövrlərdən yaradılan maddi-mədəni irs heyrətamizdir. 
Etiraf edim ki, Naxçıvan barədə o qədər də məlumatlı deyildim. Ancaq Haçadağ, buradakı duz mədənləri və xalçaçılıq sənətinin inkişafı barədə ümumi məlumatlarım var idi. Naxçıvana gəldikdən sonra və tarixi abidələrlə tanış olduqca bu diyarın qədimliyi barədə məndə daha geniş təsəvvür yarandı. Çox sevindirici haldır ki, Naxçıvan Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir məkanda yerləşir.
Çexiya Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Daniel Putik ­Azərbaycan­ın bölgələrinə ilk ­sə­fərinin qə­­­dim ­Nax­­çıvan­dan baş­­­­­­­­­­ladığını vurğulayaraq bildirdi ki, muxtar respublika ilə tanışlıqdan məmnundur: ­– Naxçıvan şəhəri ilk andan etibarən məndə böyük təəssüratlar yaratdı. İnanıram ki, önümüzdəki günlərdə təəssüratlarım daha da zənginləşəcək. Bu baxımdan Naxçıvan şəhərinin tarixi məkanları daha çox diqqətimi cəlb etdi. Xüsusən Xalça Muzeyi, Xan sarayı, Möminə xatın türbəsi, Duz Muzeyi və digər mədəniyyət müəssisələri Naxçıvanın qədim və zəngin tarixini əks etdirir. Xan sarayı bu diyarın siyasi tarixinin öyrənilməsi baxımından əhəmiyyətli bir məkanıdır. Burada biz Naxçıvan xanlığı, Kəngərli sülaləsi, Naxçıvanın dövlətçilik tarixi barədə maraqlı məlumatlar öyrəndik.

Xəbərlər şöbəsi