Mən həmişə fəxr etmişəm, bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam
Yüksək mədəniyyətə malik
olan xalq həmişə inkişaf edəcəkdir
Xalq həmişə öz ziyalıları,
öz mədəniyyəti, öz elmi ilə tanınır
Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat
deməkdir
Xalqımız öz mənəviyyatına, dininə və
ənənələrinə sadiqdir

Tarixi abidələr

Keçmişdən gələcəyə göndərilmiş sənət əsərləri




 

Bu günlərdə yolumu saldığım ünvan məni uşaqlıq çağlarıma apardı. Kəndimizin qış günləri yadıma düşdü. İlin bu mövsümündə xalça toxumaq bir adətə çevrilmişdi. Hələ qoyunlar qırxılandan nənələr, analar yunu yuyub darayır, əyirir, kələfləyir və xalçaçı ustaların ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün aldıqları müxtəlif rənglərlə boyayır, yumaq edib qış gecələrinə hazırlıq görürdülər. Kimisi qonşu kəndlərdən çeşni gətirər, kimisi də müxtəlif rəsmləri xalçalara köçürər, üstəlik, təxəyyülündə yaratdığını naxışlara çevirərdi. Beləcə, taxta hanalar, həvələr, kirkitlər növbə ilə evləri gəzər, qonşu, qohum qadınlar, qızlar birlikdə həvəslə yeni “əsərlər yazardılar”. Bütün evləri naxışlı, bahar təravətli, insanların sağlamlığında əhəmiyyət kəsb edən yun xalçalar bəzəyərdi. “Yun xalçaların üzərində iməkləyən, gəzən körpənin gözləri nurlu olar” (Nəsirəddin Tusi).

O illər xəyal etməzdim ki, bir gün Naxçıvanda Dövlət Xalça Muzeyi yaradılacaq və mən də xalçaçılıq mövzusunda yazı hazır­layacağam. Bu düşüncələr içində insan təfəkkürünün qiymətli məhsulu olan xalçalarımıza qoynunda yer vermiş muzeyi dolaşıram. Yadıma “Kitabi-Dədə Qorqud” dastanı düşür. Dastandan bir cümləni xatırlayıram: “Bayandır xan ildə bir dəfə yığnaq edər, yerə min ipək xalça döşətdirərdi”. Düşünürəm ki, həmin xalçaların içərisində mütləq Naxçıvanda toxunmuş xalçalar da var. Çünki Naxçıvan xalçaları qədim dövrlərdən dünyanı gəzib. Kim bilir… Sadəcə bilirik ki, Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvan şəhəri hələ IX-X əsrlərdə xalça və zililəri ilə məşhur idi. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə xeyli zənginləşdirib. Muzeydə addımlayıram… Keçələr, məfrəşlər, cecim, palaz, xalça, zili, xalılara, onların üzərindəki kodlaşdırılmış naxışlara heyranlıqla baxıram.

Bələdçi Səadət Vəliyevanın dedikləri məni düşüncələrdən ayırır:
– Muzeyimizdə 317 eksponat var. Bu eksponatlar, əsasən, 1800-cü ildən sonrakı dövrü əhatə edir. Naxçıvanda xalçalar öz bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür: ornamental və süjetli xalçalar. Ornamental xalçalar çoxluq təşkil edir.
Naxçıvan məişətində kilimlərdən çox geniş istifadə edilib. Bu kilimlər istər rənginə, istərsə də bədii xüsusiyyətinə görə özünəməxsusluqları ilə fərqlənir. Mürəkkəb dolama texnikası ilə toxunan Naxçıvan zililəri şəddə və vərniyə nisbətən daha çox təkmildir.
Keçəçilik Şahbuz və Şərurun kəndlərində tarixən inkişaf etmiş sənət sahələrindən biri olub. Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıqların, dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsində, bəzədilməsində, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, qapılıq, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları üçün geniş istifadə edilib.
Naxçıvanda xovlu xalçalara nisbətən xovsuz xalçalar daha çox toxunub. Xovsuz xalçalar xalça sənətinin ilk inkişaf dövrünü təşkil edir. Bu xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən qurulub.
Naxçıvan xalçalarının bədii tərtibatında geniş yayılmış çərxi-fələk (dörd ünsür) təsvirinə e.ə. II-I minilliklərə aid maddi-mədəniyyət abidələri üzərində də təsadüf edilir. Bələdçi xalçaların birinin üzərindəki təsvirin izahını verir: – Quş qədimlərdə həsrətin, intizarın ifadəsi olmaqla yanaşı, yerlə göy arasında əlaqəni simvolizə edir. Naxçıvan xalçaları ilmələrinin sıxlığının azlığı, üzünün xovunun çoxluğu ilə seçilir. Yəni ilmə azlığı Naxçıvanın sərt iqlimi ilə əlaqəlidir. Saplar ikiqat olduğundan ilmələr az, xovu da çox olurdu.
Sonra yenidən naxışları göstərir: – Maral gəncliyin və cavanlığın, qızılgül sevginin, qarmaq elin, obanın, palıd uzunömürlülüyün rəmzi sayılır.
1800-cü ildə toxunan süjetli xalçanın qarşısında dayanırıq: – Culfa rayonunun Ərəfsə kəndində toxunub. Xan vəzir, vəkili ilə söhbət edir. Bu isə 1800-cü ildə Kükü kəndində toxunub. Xalça üzərində oğuz türklərində xüsusi simvola malik bozqurd insana qaranlıqda yolgöstərən, şər qüvvələrdən qoruyan varlıq, ayı isə təhlükənin simvolu kimi təsvir olunub. 1906-cı ildə Qarabağlar kəndində toxunan xalçada Firdovsinin “Şahnamə” poemasının motivləri əksini tapıb. Rüstəm Zal, oğlu Zöhrab bəy, orta hissədə həyat ağacı.
XIX əsrin əvvəllərinə aid miniatür xalçalarda İran şahı Fətəli şahın oğlu Abbas Mirzə təsvir olunub.
Xalçalarda yazın gəlişi, Günəş partlayışı, firavan həyatın göstəricisi olan ulduzlar, gücün rəmzi olan əjdaha, qədim İpək Yolu üzərində yerləşməyimizi, ticarət əlaqələrini göstərən dəvə karvanı təsvir edilib. Ümumiyyətlə, Naxçıvan xalçaları rəng baxımından digər bölgələrin xalçalarından xeyli fərqlidir. Açıq və tünd rənglərin təzadı Naxçıvan xalçalarına xüsusi ahəngdarlıq bəxş edir. Yəni Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib.
Burada daha bir xalça diqqətimi çəkir. 1800-cü ildə Şərur rayonunun Axura kəndində toxunub. Üzərində sevgili butalar və küsülü butalar təsvir edilib. Bir rəvayət yadıma düşür. Rəvayətdə deyilir ki, bir gün sultan bazarı gəzə-gəzə xalı, kilim satılan dükana yetişir. Gözünə bir xalça dəyir. Satıcıdan həmin xalçanı kimin toxuduğunu və onu toxuyanın harada yaşadığını soruşur. Dükan sahibi bu xalçanı gənc bir qızın toxuduğunu və sultanı onun evinə apara biləcəyini söyləyir. Gəlib çıxırlar həmin evə. Sultan xalçanı toxuyan qızın valideynlərindən soruşur: “Niyə qızınızı sevdiyindən ayırdınız? Necə qıydınız ona?”
Valideynlər çox təəccüblə soruşurlar: bu ailə sirri idi, onu sizə kim söylədi? Sultan deyir: Bunu qızınızın toxuduğu xalçadan öyrəndim. Bu xalçanın hər ilməsi, hər naxışı ayrı düşən sevgililərin nisgilini söyləyir, fəryad edir.
Gerçəkdən də xalça onu toxuyanın minbir arzusunu, əzabını özündə cəm edir, əsrlərlə özündə saxladığı gizli mətləbləri keçmişdən gələcəyə çatdırır. Xalçalarda nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü və itmiş tarixi gizlənir. Ədəbiyyatşünas-tənqidçi, professor Qurban Bayramov bu mənada, məqalələrinin birində haqlı olaraq qeyd edir: “Əgər bu gün qədim xalçaların üzərindəki ornamentləri insanlar oxuyub başa düşsəydi, tariximizə daha dərindən bağlanardılar…”
Qədim oğuzların həyat tərzində xalçaçılığın əsas sənətlərdən biri olması “Qurani-Kərim”in “Əl-Rəhman” surəsindəki ayəsində də var: “Onlar yaşıl balışlara, incə ilməli, gözəl naxışlı xovlu xalılara söykənmiş olacaqlar…” Bu, bir daha onu göstərir ki, xalça sənəti lazımlı sənətlərdən biridir. Hətta bu gün də çoxları belə hesab edirlər ki, xalça sənətinin himayəçiləri peyğəmbərlərdir. Çünki İbrahim Peyğəmbər Allah yolunda oğlunu qurban kəsərkən Tanrı bu qurbanı qoyun qurbanı ilə əvəz edir. Xalça isə bu heyvanın yunundan toxunur. Nağıllarımızdakı “uçan xalça” da müqəddəslik rəmzi deyilmi? Elə yazıçı Mir Cəlal Paşayev “Bir gəncin manifesti” əsərində ehtiyac içində boğulan Sona ananın “İtə ataram, yada satmaram”, – deməsi ilə xalçamızın müqəddəsliyinə, milli dəyər və tarixi olmasına möhür vurur. Amma bu da faktdır ki, keçmiş Sovet hakimiyyəti dövründə bir çox qədim xalçalarımız düşmən əlinə keçdi. Bu gün dünyada ermənilərin adından nümayiş etdirilən ən qədim xalçaların məhz Naxçıvan xalçaları olduğuna heç bir şübhə yoxdur. Gəlib kəndlərimizdən bir qədim xalçanı iki və ya üç təzə xalça ilə dəyişdirən hiyləgər ermənilər bəzi qədim xalçalarımızı mənimsəməyə nail oldular. Və onlar qalsaydı, indi bu muzeydə daha çox eksponat saxlanardı...
Qazandığımız müstəqillik milli dəyərlərimizi də özümüzə qaytardı. Naxçıvan xalçaçılıq sənəti öz layiqli qiymətini aldı.
Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə yaradılan və 2010-cu ildə yeni bina ilə təmin olunan Naxçıvan Dövlət Xalça Muzeyi bunun ifadəsidir. Naxçıvan xalçaçılığına yüksək qiymət verən Ali Məclisin Sədri deyib: “Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”.
Hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevrilən Naxçıvan xalçaçılığına göstərilən qayğı bu gün zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılıq məktəbinin tarixinə əlamətdar səhifə kimi yazılır. “Naxçıvan xalçaçıları” kitabının və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması, Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytının yaradılması bu sahəyə göstərilən böyük qayğının nəticəsidir. Odur ki, bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib.
Bəli, qürurla deyə bilərik ki, bizim elin dürlü-dürlü xalçaları var. Hərəsinin də öz naxışı, öz gözəlliyi: Şərur xalçası, Şahbuz xalçası, Ordubad xalçası, Culfa xalçası, Kəngərli xalçası…
Tanınmış filoloq, professor Kamil Vəliyev yazır ki, xalça mənim üçün keçmişdən gələcəyə göndərilmiş rəngli məktublardır. Onu yazanda bütün yaşlar və bütün zamanlar üçün yazıblar…
Bəli, xalça sənətdir. Xalça elmdir. Xalça həm də yazı sənətidir, mədəniyyət daşıyan böyük bir dəvə karvanıdır, – desəm, yəqin, daha doğru olar. Çünki işarələrin, naxışların, butaların, boyaların dilində söz və cümlə görəndə mətn aramaq, əhvalat axtarmaq, genetik kodun romanını oxumaq arzusunu boğa bilmirsən…

Hafizə Əliyeva